Qədim Azərbaycan dövlətləri
Azərbaycan feodalizm dövründə
İbtidai icma quruluşu, quldarlıq, feodalizm və kapitalizm bəşər tarixinin əsas inkişaf mərhələləridir.
İndi təsəvvür edin ki, qədim Azərbaycanda yaşayan bir kəndlisiniz. Kiçik bir torpaq sahəniz var. Torpağı özünüz əkir, becərir, məhsulu özünüz yığırsınız. Əkin üçün alətləriniz və toxumunuz da var. Amma torpaq tam sizin deyil.
Torpaq sahibinin torpağında işlədiyiniz üçün əldə etdiyiniz məhsulun müəyyən hissəsini ona verməlisiniz. Torpaq sahibinə feodal, onun sahib olduğu torpağa feod, belə quruluşa isə feodalizm deyilirdi.
Bəs feodalizm necə yarandı? III əsrdə Yaxın Şərqdə mühüm dəyişiklik baş verdi. 226-cı ildə Ərdəşir Babəkan Parfiya dövlətini məğlub edərək Sasanilər dövlətinin əsasını qoydu.
Sonralar Atropatena və Albaniya da Sasanilərin hakimiyyəti altına keçdi. Atropatena Sasanilər tərəfindən təyin olunan mərzban, yəni canişin tərəfindən idarə olunurdu.
Albaniyanın vəziyyəti isə bir qədər fərqli idi. Albaniya daxili idarəçiliyini müəyyən qədər qoruyurdu, lakin Sasanilərə vergi verir və lazım gəldikdə hərbi yardım göstərirdi.
Bu dövrdə torpaq münasibətlərində də dəyişikliklər baş verirdi. Dövlət başçıları və varlı din xadimləri özlərinə yaxın olan şəxslərə böyük torpaq sahələri verirdilər. Bu torpaqlarda yaşayan kəndlilər də həmin torpaq sahibinin tabeliyinə keçirdi. Beləliklə, torpaq əsas sərvətə çevrilir, feodal münasibətləri tədricən yaranır, quldarlıq quruluşu isə əvvəlki əhəmiyyətini itirirdi.
Kəndli ilə qul arasında fərq nə idi? Quldarlıqda qul hüquqsuz idi və heç bir mülkiyyətə sahib ola bilməzdi. Kəndlinin isə öz təsərrüfatı, əmək alətləri və torpaq payı ola bilərdi. O, torpağı özü becərir, məhsul istehsal edirdi. Lakin kəndli tam azad da deyildi. Torpaq sahibinə müəyyən vergi və ödənişlər verməli idi. Əsas vergilər xaraq və gezit idi.
- Patriklər – ən varlı və nüfuzlu feodallar idi
- Azadlar – orta və kiçik feodallar sayılırdı
Torpaqların da müxtəlif növləri var idi:
- Dastakert – nəsildən-nəslə keçən, irsi torpaq sahəsi.
- Xostak – xidmət müqabilində verilən torpaq.
Yəni xostak alan şəxs torpağı dövlətə və ya hökmdara göstərdiyi xidmətə görə əldə edirdi.
Din də mübarizənin bir hissəsi idi. Bu dövrdə Cənubi Qafqaz uğrunda Roma ilə Sasanilər arasında mübarizə gedirdi. Bu mübarizə yalnız orduların döyüşü ilə aparılmırdı. Din də mühüm vasitəyə çevrilmişdi. Roma imperiyası xristianlığı, Sasanilər isə zərdüştlüyü yaymağa çalışırdı. Beləliklə, hansı dinin yayılması həmin ərazinin hansı dövlətin təsiri altında olmasına da təsir göstərə bilərdi.
Məzdəkilər hərəkatı
Zaman keçdikcə vergilər və feodal zülmü artır, kəndlilərin vəziyyəti ağırlaşırdı. Buna görə də narazılıqlar və üsyanlar baş verirdi.
Belə böyük hərəkatlardan biri 481–529-cu illərdə baş verən Məzdəkilər hərəkatı idi.
Məzdəkilər varlı və kasıbın olmayacağı daha ədalətli bir cəmiyyət qurmaq istəyirdilər. I Qubad və onun oğlu I Xosrov Ənuşirəvan Məzdəkilər hərəkatını yatırdılar.
I Xosrovun islahatları
Məzdəkilər hərəkatının yatırılmasından sonra I Xosrov ölkədə idarəçiliyi və vergi sistemini yenidən təşkil etməyə başladı. Onun məqsədi həm dövlətin idarə olunmasını gücləndirmək, həm də xəzinəyə daxil olan vergiləri daha dəqiq toplamaq idi. Xosrov inzibati dəyişikliklər etdi, özünə dayaq yaratmaq üçün çoxlu xostak torpaqları payladı və vergi islahatı keçirdi.
Ən mühüm dəyişikliklərdən biri verginin hesablanması ilə bağlı idi. Əvvəllər vergi əsasən məhsula görə alınırdı. Məhsul nə qədər çox olurdusa, vergi də ona uyğun hesablanırdı. Xosrovun islahatından sonra isə vergi torpağın sahəsinə görə müəyyənləşdirilməyə başladı.
Bu dövlət üçün daha əlverişli idi. Çünki verginin miqdarı əvvəlcədən müəyyənləşir və xəzinəyə daxil olan gəliri daha dəqiq hesablamaq mümkün olurdu. Amma kəndli üçün bu, heç də həmişə yaxşı nəticə vermirdi. Çünki torpağın olması hələ məhsulun olması demək deyil.
Məsələn, bir il quraqlıq ola bilər, başqa il sel gələ bilər, məhsul məhv ola bilər. Kəndlinin məhsulu olmasa belə, torpaq vergisini ödəmək məcburiyyətində qalması onun narazılığını artırırdı.
Beləliklə, feodalizm dövründə torpaq həm var-dövlət, həm də hakimiyyət demək idi. Kəndli torpağı əkib-becərir və məhsul istehsal edirdi. Feodal isə torpağa sahib olur və kəndlilər üzərində hakimiyyət qururdu.