İbtidai icma quruluşu
Neolit (yeni daş)
“İnsanın öz evini tapdığı dövr”. E.ə VIII - VII min. Tarixçilər bu dövrə boşuna Neolit inqilabı demirlər. İnsan birdən-birə anlayır ki, hər gün gəzməyə ehtiyac yoxdur və oturaq həyat tərzinə keçir.
Maldarlıq və əkinçilik artıq təsadüfi deyil, tam formalaşmışdır. İnsan yeri yumşaltmaq üçün toxa, balıq tutmaq üçün harpun, dəni üyütmək üçün həvəng-dəstə düzəldir. Daşları deşməyi, cilalamağı öyrənirlər. Toxuculuq yaranır. Tovuzun Göytəpə kəndində tapılan alətlər bu dövrün “dilindən” danışır.
Neolitin inqilabi dəyişiklikləri bunlardır:
- Mənimsəmədən istehsala keçid tamamlanır
- Toxuculuq yaranır
- Daş deşilir və cilalanır
- Toxa geniş yayılır
- Oturaq həyata keçid başa çatır
- Dulusçuluq yaranır
Eneolit (mis-daş dövrü)
Eneolitə “Mis-Daş” dövrü demələrinin səbəbi çox sadədir. Mis var, amma çox yumşaqdır. Daş var, amma çox sərtdir. İnsan isə ikisini birlikdə işlətməyi lazım bilir.
Mis yumşaq olduğu üçün tez korlanırdı. Ona görə alətlərin çoxu yenə daşdan hazırlanırdı. İlk kənd icmaları yaranır, ağsaqqallar söz sahibinə çevrilir. Evlər dairəvi formadadır, çiy kərpic və möhrədən (palçıq və saman) tikilir. Heyvanların hamısı artıq əhilləşmişdir. Sonuncu əhilləşdirilən atdır.
Toxa hələ də əsas əmək alətidir. Əkinçilik yenə qadınların işidir. Ana xətti ilə qohumluq – anaxaqanlıq davam edir. Qeyri-adi dəfn adətləri yaranır. Ölüləri bəzən evin içində və ya yaxınlığında dəfn edir, üzərlərinə oxra – qırmızı boya səpirdilər. Bu boyanın həyat gücünü simvolizə etdiyini düşünürdülər.
Yekun
- Mis yayılır
- Toxa əsas alət olaraq qalır
- Anaxaqanlıq davam edir
- At əhilləşdirilir
- Ağsaqqalların rolu artır
- Dairəvi evlər tikilir