İbtidai icma quruluşu
İbtidai İcma quruluşu necə dağıldı? Tuncun “günahı”!
İbtidai icma quruluşunda hamı mehriban idi, hamı bir yerdə işləyirdi, bir yerdə yeyirdi, bir yerdə yatırdı. Kimsə “bu mənimdir” demirdi. Hər şey hamınındı. Yəni varlı–kasıb, “bu mənimdir, toxunma”, “ata malımı bölüşdürmürəm” kimi şeylər yox idi. Nə vardısa hamı ortaq bölürdü. Amma bir gün dünyanın tarixi dəyişdi. Necə? Səbəb tunc idi. Bəli-bəli, səhv eşitmədin günahkar tuncdur.
Düşünürsən ki, “Tuncun nə günahı var?!” İndi izah edirəm. Mis yumşaq idi, alət üçün yararsızdı. O vaxt insanlar misdən istifadə edirdi, amma mis bal kimi yumşaq idi. Balta düzəldirdin, iki dəfə vuranda əyilirdi. Torpağı qazırdın, dişləri sınırdı.
Ona görə insanlar düşünüb-daşındılar: “Bu misin qədr-qyməti yoxdur, gəlin buna bir şey qatıb bərkidək!” İnsanlar qatdı, qarışdırdı və tunc yarandı! İnsanlar misə başqa metallar qatdılar və nəticədə ortaya tunc çıxdı.
Tunc həm bərk, həm möhkəm, həm yaraşıqlı! Bu elə bil köhnə telefondan birbaşa smartfona keçmək kimi bir şey idi. Tuncdan hazırlanan baltalar, oraq, kotan əvvəlkindən qat-qat möhkəm idi. Daha yaxşı alət daha çox məhsul demək idi.
Möhkəm alət nə deməkdir?
- Daha tez iş görmək
- Daha dərin torpaq qazmaq
- Daha çox məhsul yığmaq
Beləcə, ilk dəfə olaraq ehtiyacdan çox məhsul yarandı və problem də burdan başladı. Artıq kiminsə çoxu, kiminsə azı vardı. Əvvəl hamı bərabər idi. Amma artıq məhsul yarananda sual çıxdı ki, məhsulun artıq qalanı kimə çatsın?
Və xalq arasında ilk dəfə mülkiyyət, varlı, kasıb anlayışı meydana gəldi. Tunc dövrü ilə birlikdə evlər böyüdü, sənətkarlar yarandı, mülkiyyət formalaşdı, başçılar meydana çıxdı. Və insan cəmiyyəti sürətlə dəyişməyə başladı.