Tarixim

İbtidai icma quruluşu

Mezolit (orta daş)

Təsəvvür edin ki, Paleolit dövründən çıxıb Mezolit dövrünə gəldik. İnsanların həyatı artıq bir qədər dəyişmişdi. Onlar təbiəti daha yaxşı müşahidə edir, heyvanların davranışlarını və bitkilərin xüsusiyyətlərini öyrənirdilər. Amma əsas problem yenə də eyni idi: qida tapmaq.

İnsanlar nə edirdilər?

Kişilər əsasən ovla məşğul olur, qadınlar və uşaqlar isə bitkilər, giləmeyvələr və yabanı dənlər toplayırdılar. Mezolit dövründə ovçuluqda mühüm yenilik baş verdi: ox və kaman yarandı. Artıq heyvanı uzaqdan vurmaq mümkün idi. Bu, ovçuların işini xeyli asanlaşdırdı.

İlkin maldarlıq necə yarandı?

İnsanlar ovladıqları heyvanların balalarını da bəzən tutub saxlayırdılar. Onları bəsləyərək böyütmək təcrübəsi getdikcə artdı və ilkin maldarlığın əsası qoyuldu.

İlkin əkinçilik necə yarandı?

İnsanlar bitkiləri də diqqətlə müşahidə edirdilər. Görürdülər ki, yerə düşən bəzi toxumlardan yeni bitkilər cücərir. Beləliklə, insanlar tədricən başa düşdülər ki, toxumu torpağa səpməklə yeni bitki yetişdirmək mümkündür. Bu müşahidələr ilkin əkinçiliyin yaranmasına gətirib çıxardı.

İnsan artıq təbiətdən tam asılı deyil, öz payını özü istehsal etməyə başlayır. Mikrolit – xırda, iti, yüngül əmək alətləri meydana gəlir. Dəfn adətləri formalaşır və zənginləşir.

Mezolitin əsas hadisələri bunlardır:

  • E.ə. XII–VIII minilliklər
  • Yaşayış məskənləri: Qobustan, Qazaxda Damcılı
  • İlkin maldarlıq və əkinçiliyin təməlinin qoyulması
  • Mənimsəmədən istehsala keçidin başlanması
  • Heyvanların əhilləşdirilməsi
  • Mikrolit alətlərdən geniş istifadə edilməsi