Tarixim

Qədim Azərbaycan dövlətləri

Feodalizmin hekayəsi

İbtidai icma quruluşu, quldarlıq, feodalizm, kapitalizm – bəşər tarixinin inkişaf mərhələləridir. Təsəvvür edin ki, siz qədim Azərbaycanda yaşayan bir kəndlisiniz…Sizin kiçik torpaq sahəniz var. Özünüz əkir, becərir, məhsul yığırsınız. Amma bu torpaq tam sizin deyil. Siz onun bir hissəsini becərdiyiniz üçün məhsulun bir qismini torpaq sahibinə verməlisiniz. Torpaq sahibi feodal adlanırdı.

Feodalizm necə yarandı?

226-cı ildə Ərdəşir Babəkan Parfiya dövlətini məğlub edib yeni dövlət qurdu. Sonra Atropatena və Albaniya bu dövlətin tərkibinə qatıldı. Atropatena Sasanilərin tərkibinə qatıldıqdan sonra mərzban ,yəni canişin tərəfindən idarə olunurdu.

Albaniya bir az fərqli idi. O, tam asılı deyildi. Belə ki, daxildə özünü idarə edirdi, amma Sasanilərə vergi verir və lazım olanda hərbi yardım edirdi.

Azərbaycan III əsrdə Sasanilər imperiyasının tərkibinə qatıldıqdan sonra yeni qaydalar formalaşmağa başladı. Dövlət başçıları və varlı din xadimləri öz yaxın adamlarına böyük torpaq sahələri bağışlayırdılar. Bu torpaqlarla birlikdə orada yaşayan insanlar da həmin şəxslərin tabeliyinə keçirdi.

Beləliklə, torpaq sahibləri feodallara, sadə insanlar isə kəndlilərə çevrildi.

Kəndli ilə qul arasında fərq nə idi? Quldarlıq quruluşu olan ölkələrdə qul heç nəyə sahib deyildi. Amma kəndli öz torpaq payına sahib idi, əmək alətləri vardı, toxum əkirdi. Sadəcə bir şərtlə ki, məhsulun bir hissəsini vergi kimi sahibinə verməlidi.

Bu vergilər əsasən:

  • Xaraq
  • Gezit

Feodallar:

  • Patriklər – ən varlı və güclü feodallar
  • Azadlar – orta və kiçik feodallar

Torpaq növləri:

  • Dastakert – irsi torpaq (nəsildən-nəslə keçir)
  • Xostak – xidmətə görə verilən torpaq

Din də mübarizə vasitəsi idi. Cənubi Qafqaz uğrunda Roma Sasani mübarizəsi gedirdi. O təkcə qılıncla aparılmırdı. Roma imperiyası xristianlıq, Sasanilər isə zərdüştlük yayırdı Albaniyada IV əsrdə xristianlıq rəsmi din oldu.

Zaman keçdikcə vergilər artdı, həyat çətinləşdi. Həm dini əsasda, həm də feodal əsarətinə qarşı üsyanlar baş verirdi. 481–529-cu illərdə Məzdəkilər hərəkatı başladı. Məzdəkilər istəyirdilər ki, hamı bərabər yaşasın, varlı və kasıb fərqi olmasın. Bu onların təsəvvüründə ədalətli cəmiyyət demək idi Amma I Qubad və oğlu I Xosrov Ənuşirəvan bu üsyanı yatırdı.

Üsyanlardan sonra Xosrov gələcəkdə bu kumi halların qarşısını almaq üçün islahatlara ehtiyac olduğunu düşünür. İnzibati dəyişiklik edir, özünə dayaq yaratmaq üçün çoxlu xostak paylayır. Amma ən əsası vergi islahatı keçirir. Əgər əvvəllər vergi məhsula görə alınırdısa, islahatdan sonra torpağa görə alınmağa başlanır. Məqsəd su-istifadə hallarının qarşısını almaq, verginin tam həcmdə xəzinəyə daxil olmaslnı təmin etmək idi. Kəndli, təbii ki, narazı qalır, ona görə ki, torpağın olması heç də həmişə məhsulun olması demək deyil. Birdən sel gəldi, quraqlıq oldu, məhsul olmadı…