Tarixim

Qədim Azərbaycan dövlətləri

Atropatena dövləti. Ellinliklə odun qovuşduğu yer.

Eramızdan əvvəl IV əsrdə dünyanın ən məşhur adamlarından biri olan Makedoniyalı İskəndər tarix səhnəsinə çıxır. O, qarşısına çıxanı ya qılıncla, ya da zəkası ilə alırdı. İskəndər Əhəməniləri də məğlub edib torpaqlarını gen-bol genişləndirir.

Bu zaman o, Atropat adlı birini Kiçik Midiyanın satrapı, yəni “canişini” təyin edir. Atropat da işini bilir. Qızını İskəndərin sərkərdəsinə ərə verərək öz yerini “beton kimi” möhkəmləndirir.

İskəndər cavan yaşda qəfil vəfat edir. Deyilənə görə, ölümündən çox əvvəl maraqlı bir falçı hadisəsi baş vermişdi. İskəndər necə öləcəyi barədə sual vermiş, falçı isə “daşla dəmirin arasında” cavabını vermişdi.

Bir neçə il keçir, İskəndər səhrada xəstələnir. Günlərlə huşsuz qalır. Birdən ayılır və görür ki, bir daşın üstündə uzanıb, üstündə isə dəmir qalxan - günəşdən qorumaq üçün. Və falçının dediyi yadına düşür.

Ölümündən əvvəl vəsiyyət edir:

“Məni dəfn edəndə tabutumun hər iki yanına dəlik açın, əllərimi çöldə, üzü yuxarı halda çıxardın.”

Niyə? Bəli, mesaj aydındır: “Bu dünyanı fəth etdim, amma əliboş gedirəm!”

Atropatın dövləti doğulur

Eramızdan əvvəl 321-ci ildə İskəndərin imperiyası parçalanır, Atropat isə fürsəti qaçırmır və öz dövlətini qurur. Beləcə, tarixdə Atropatena dövləti yaranır!

O, çox müdrik hökmdar idi. Qonşuluqda isə bir az “əsəbi” Selevkilər dövləti yaşayırdı. Eramızdan əvvəl 223-cü ildə III Antiox Atropatenanı özündən asılı vəziyyətə salır. Çox çəkmir, onu Roma Magnezia döyüşündə yıxır (e.ə. 190). Və Atropatena yenidən müstəqilliyini bərpa edir.

Roma ilə Parfiya arasında uzun illər müharibələr gedir. Atropatena, təbii ki, Parfiyanın tərəfində olur, çünki Roma ikisinin də ümumi düşməni idi. Amma bir müddət sonra Parfiya onu işğal etməyə çalışır.

Bu da Atropatena-Roma yaxınlaşmasına gətirib çıxarır. Öz planından əl çəkmətən Parfiya eramızın 20-ci ilində Atropatenanı işğal edir. O vaxtdan Parfiyanın süqutunadək Atropatena əsarətdə qalır.

Mədəniyyət. “Odun və Yunan zövqünün birləşməsi”

Atropatenanın mədəniyyəti həm Zərdüştlük, həm də Yunan təsirləri ilə dolu idi. Paytaxt Qazaka şəhərində Zərdüştlüyün baş məbədi yerləşirdi. Maglar (kahinlər) odun, suyun, torpağın müqəddəsliyinə inanırdılar. Əsas dini kitabları “Avesta” idi.

Bəs necə oldu ki, bu qədər uzaqda olan Yunananıstan Atropatena mədəniyyətinə təsir etdi? Cavab: İskəndərin “Ellinləşdirmə” siyasətidir! O, bütün işğal etdiyi yerlərdə yunan mədəniyyətini yaymaqla qarışıq bir “Ellin mədəniyyəti” yaratmaq istəyirdi. Və bu təsir Atropatenada da özünü göstərirdi:

  • Memarlıqda sütunlar
  • Binalarda bəzəkli frizlər
  • Hətta Keriftoda Herakl məbədi - hamısı o dövrün yadigarı idi